Sevimli aktrisamız vəfat etdi

Özünəməxsus rolları ilə tamaşaçıların qəlbində xüsusi yeri olan Azərbaycan kino və teatr aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva dünən axşam saatlarında yaşadığı mənzildə ürək tutmasından vəfat edib.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyevanın, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında "Mamayeva" rolu olub. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyevanın yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. O, indiyə kimi Tatyana (M.Qorki "Meşşanlar"), Xuraman (S.Vurğun "Vaqif"), Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"), Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"), Zivər (Anar "Təhminə və Zaur"), Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"), Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"), Bernardo (Federiko Qarsia Lorka "Dişi canavar"), Pəri xanım (M.F.Axundov "Lənkəran xanıının vəziri"), Qadın ( Elçin "Poçt şöbəsində xəyal"), Yasəmən (S.S.Axundov"Eşq və intiqam"), Ana (B.Vahabzadə "Dar ağacı"), Qadın (N.Hikmət "Kəllə"), Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər") və s. kimi obrazlar yaradıb.

Dalga TV © 2017