Nəsibə Zeynalovanın ad günü

Bu gün tanınmış teatr və kinoaktrisası, səhnəmizin qayınanası, Azərbaycan SSRİ-nin Xalq Artisti (1967), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1974) Zeynalova Nəsibə Cahangir qızının ad günüdür. Nəsibə Zeynalova 20 aprel 1916-cl ildə Bakıda doğulub. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildə mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Nəsibə xanım təkcə teatrda deyil, həm də kinoda yadda qalan obrazlar yaradıb. Məsələn: Fatmanisə ("Ögey ana"), Telli ("Böyük Dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") və s. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Dalga TV © 2017