Amaliya Pənahova dünyasını dəyişdi

Oynadığı rollar ilə, özünməxsus səs tembri ilə tamaşaçıların qəlbində taxt quran SSR xalq artisti, gözəl aktrisamız Amaliya Pənahova dünyasını dəyişdi. Nəzərinizə çatdıraq ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar. Allah rəhmət etsin. 

Dalga TV © 2017